İnsan taleyində gözlənilməyən hadisələr baş verə bilər. Heç birimiz bədbəxt hadisələrdən sığortalanmamışıq. Çox vaxt insanın seçim etmək imkanı olmur. Anadangəlmə və sonradan fiziki qüsuru olan insanlar da həyatla barışaraq ona möhkəm sarılmalı, çətin sınaqları keçməyə hazır olmalı və öz bacarıqlarını nümayiş etdirməlidir. Ən böyük qüsur isə öz istedadını, bacarığını məhv etmək, onun üzə çıxmasına və cəmiyyət üçün faydalı olmasına maneə olmaqdır. Bu yazım anadangəlmə aşağı ətrafın deformasiyası nəticəsində fiziki qüsuru olan Xocalı rayonunun istedadlı gəncinin uğurları haqqındadır. Zeynalov Talib Ramin oğlu 2004-cü il avqustun 23-də Bakı şəhəri, Binəqədi rayonunda anadan olub. Talib 2010-cu ildə Biləcəri qəsəbəsi tam orta məktəbin 1-ci sinifə gedib. 2021-ci ildə Binəqədi rayon 314 saylı tam orta məktəbin məzunu olub. Ali məktəbə qbul olmağı qarşısına məqsəd qoyan gəncimiz Bakı Dövlət Universitetinin Tarix fakültəsinin II kurs tələbəsidir. Talib Zeynalov 15 yaşından para-pauerliftinq idman növü üzrə ilə məşğul olub. Onun idmanda ilk böyük uğuru 2019-cu ilin avqustun 14-də V Beynəlxaq Uşaq Paralimpiya oyunlarında olub. Pandemiya ərəfəsində məşqlərinə ara verməyən Talib 2021-ci il 13 oktyabrda yeniyetmələr arasında Respublika çempionatında rekord ilə I yerə çıxıbdır. Aldığı qələbələrdən ruhlanan Talib növbəti yarışlara daha da ciddi hazırlaşmağa başlayıb. Onun növbəti sınağı isə 2022-ci il 24-29 sentyabr tarixlərində Gürcüstanın Tbilisi şəhərində keçirilən gənclər arasında açıq Avropa Çempionatında olub. Fiziki qüsurlu idmançımız 107+ çəki kateqoriyasında iştirak edərək 135 və143 kq ağırlığı qaldırmaqda qalib olub, 151 kq ağırlıqqaldırmada rekord ilə, 155 kq ağırlıqqaldırmada isə yeni Avopa rekordu ilə birincilik qazanaraq 4 qızıl medala sahib olub. Talibin atası Ramin Zeynalovla telefon danışığında qürur hissi ilə idmançımızın uğurlarından danışdı. Bildirdi ki, Talib torpaqlarımız uğrunda döyüşə bilməsə də, o, Azərbaycanın bayrağını beynəlxalq yarışlarda qaldırmağa bacarır. Bunun özü də Vətənə sevginin davamıdır. O, vətənpərvər gənc kimi ölkəmizin idman uğuruna töhfə verməyə çalışır. Talib uşaq yaşlarından Xocalı soyqırımını törədən düşmənə nifrət hissi bəsləyib. Talibin ali məktəbə qəbul olması, idman yarışlarındakı nailiyyəti, onun savadını, iradəsini və bacarığını göstərir. Talib Zeynalovu qazandığı böyük nailiyyətlərinə görə təbrik edir, ona növbəti yarışlarda da qələbələr arzulayırıq. Səninlə fəxr edirik, Talib!